Xəbərlər
07.09.2024
07.09.2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov və Komitənin aidiyyəti struktur bölmələrinin rəhbərləri FAB Şirkətlər Qrupunda oldular. Qonaqları şirkətimizin təsisçisi Anar Əliyev qarşıladı. FAB Şirkətlər Qrupunun bir qrup rəhbər heyətinin də iştirak etdiyi görüşdə prezident, cənab İlham Əliyevin ölkəmizdə sahibkarlığın inkişafı istiqamətində yaratdığı şəraitdən, sahibkarlara göstərilən dövlət dəstəyindən söhbət açıldı. Şirkətimizin fəaliyyəti, yenilikləri barədə qonaqlara məlumatlar verildi, əməkdaşlığın daha da gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.
Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov da öz növbəsində gömrük sistemində sahibkarlıq fəaliyyətinin inkişafına, ölkəmizin ixrac potensialının artırılmasına, gömrük əməliyyatlarının asan və sürətli şəkildə həyata keçirilməsinə dəstək olan yeniliklərdən danışdı. Bildirildi ki, rəqəmsallaşmanın genişləndirilməsi məqsədilə gömrük sistemində elektron həllərə, süni intellektə, qabaqcıl beynəlxalq təcrübələrə əsaslanan layihələr həyata keçirilir.
Tətbiq edilən yeniliklər sərhədkeçmə, rəsmiləşdirmə proseslərini sürətləndirməklə yanaşı, fiziki yoxlamaları minimuma endirməyə əlavə imkanlar yaradır.
Qeyd olunub ki, gömrük orqanlarının əsas hədəflərindən biri də könüllü riayət prinsipinin genişləndirilməsi, sahibkarlarla səmərəli, işgüzar əməkdaşlığın gücləndirilməsi, gömrük-biznes münasibətlərinin tərəfdaşlıq müstəvisində qurulmasıdır.
Qarşılıqlı fikir mübadiləsindən sonra qonaqlar FAB Akademiyasının laboratoriyalarında oldular. Keyfiyyətə nəzarət laboratoriyalarında aparılan sınaq işləri, qabaqcıl texnologiyaların tətbiqi ilə standartlara uyğun istehsalat prosesi ilə bağlı iştirakçılara məlumatlar verildi. Daha sonra iştirakçılar şirkətimizin istehsal sahələrini gəzdilər. Görüş xoş əhval-ruhiyyədə başa çatdı.