Xəbərlər
17.09.2018
“FAB Boya və Kimya Sənayesi” MMC-nin əməkdaşı Müşfiq Tahirov bu yaxınlarda Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi tərəfindən “Müharibə veteranı” və “Milli Ordunun 100 illiyi (1918-2018)” medalları ilə təltifləndirilib. Bu münasibətlə onu “FAB Boya” ailəsi adından təbrik edirik.
XX əsrin 90- cı illərində Ermənistanın Azərbaycana hərbi təcavüzü, soydaşlarımıza qarşı törədilən soyqırım aktları bir vətəndaş kimi Müşfiq Tahirovu da narahat edirdi. Müharibəyə hazır olmayan, yeni yaradılan Azərbaycan ordusuna ixtisaslı kadrlar lazım idi. Bunu nəzərə alan, həmin ərəfələrdə AzərbaycanTexniki Universitetinin üçüncü kurs tələbəsi olan Müşfiq Tahirov sənədlərini Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinə təqdim edib. 1993-cü ildə komandir kimi Murovdağ silsiləsi, 1994-cü ildə isə tağım komandiri olaraq Füzuli-Tərtər, Ağdam –Tərtər istiqamətlərində gedən döyüşlərə qatılıb. Azərbaycan ordusunun ən uğurlu əməliyyatlarından sayılan Horadiz əməliyyatında iştirak edib. 1994- cü ilin aprelində Füzuli rayonunun Şükürbəyli, Aşağı və Yuxarı Əbdürrəhmanlı kəndlərinin, Ağdərə-Tərtər istiqamətində bir neçə yaşayış məntəqəsinin erməni silahlılarından təmizlənməsində böyük xidmətlər göstərib. Həmin ilin 20 aprelində Şükürbəyli kəndinin azadlığı uğrunda gedən döyüşdə ağır yaralansa da, müalicə olunduqdan sonra yenidən ordu sıralarına qayıdıb. 1995- ci ildə hərbi xidmətdə fərqləndiyinə görə korpus komandanlığı tərəfindən “Şah İsmayıl Xətai” fəxri fərmanı ilə təltifləndirilib. 1999-cu ildə isə ordudan təxris olunub.
Müşfiq Tahirov 2001- ci ilin 28 martından etibarən “FAB Boya və Kimya Sənayesi” MMC-nin Sintetik boya bölməsinin bölmə rəisi vəzifəsini icra edir.