az ru en

Xəbərlər


23/09/2021

Səfər dayısız 3 il

  Sokratın belə bir fikri var: "Hər bir insanın daxilində Günəş var. Sadəcə onun parlamasına şərait yaradın.”Lakin elə insanlar da var ki, sanki özləri bir günəşə bənzərlər. Ətrafına, yaxınlara və uzaqlara öz istisini bəxş edər, insan talelərinə, həyat yollarına nur saçarlar. Günəşin bitməyən və tükənməyən əbədi hərarəti var o insanlarda. Onlar öz istedadı, humanizmi, vətəninə və doğma el-obasına olan sonsuz məhəbbəti ilə insanların bitməz-tükənməz sevgisini qazanmışlar. Bizim əziz Səfər dayı belə insanlardan idi.

  Düz 3 ildir ki, Səfər Əliyev aramızda yoxdur... 2 yanvar 2014-cü ildə mehriban və həlim xasiyyətli, elinin-obasının dostu, təbibi, dayağı, köməyi, ağsaqqalı və təbibi olan Səfər Əliyev dünyasını dəyişdi...

  Səfər Məmmədqulu oğlu Əliyev 1933-cü il may ayının 26-da Ermənistan Respublikası, Mehri rayonu, Əlidərə kəndində anadan olmuşdur. 1941-ci il - Böyük Vətən müharibəsinin başladığı il Səfər Əliyev məktəbə ilk qədəmlərini qoymuşdu. 1953-59-cu illərdə isə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin Cərrahiyyə bölməsində təhsil alan Səfər Əliyev təhsilini uğurla başa vurur, həkimlik sənətinə mükəmməl səviyyədə sahiblənir. İllər sonra o öz sənətini təkmilləşdirərək dövrünün adlı-sanlı terapevtlərindən, kardioloqlarından birinə çevrilir. Müalicə etdiyi xəstələrindən təmənna ummayan Səfər həkim elinin obasının dayağına çevrilir. Dəfələrlə orden və medallarla təltif olunur, Ermənistan Respublikasının görkəmli həkimləri sırasına daxil olur. Həkimliyi yanar şama bənzədən Səfər Əliyevin şöhrəti onun doğma kəndinin hüdudlarından çox uzaqlara gedib çatmışdı. Gecəni gündüzünə qatır, kilometrlərlə uzanan yolları qət edərək özünü ucqar kəndlərə - xəstələrinin dadına çatdırardı.

  1998-ci ildə təqaüdə çıxan Səfər Əliyev peşəkar fəaliyyətini davam etdirməklə məşğul idi. Başqa cür ola da bilməzdi. Ətrafını çıraq kimi işıqlandıran Səfər dayı hər zaman olduğu kimi öz dəyərli məsləhətlərini insanlardan əsirgəmirdi. El arasında "əli yüngül” kimi tanınan Səfər həkim şəfalı əlləri ilə çətin müalicə olunan xəstələri sanki həyata qaytarırdı. Heç kim onun yanından biçarə dönməzdi. Onunla söhbət edib, dərdləşib, onun məsləhətlərini dinləyən insanlar şanslı insanlar olmuşlar və təəssüf ki, bu səadət hər insana nəsib olmadı. Söhbətimizi Sokratın Günəş "fəlsəfəsi” ilə başlamışdıq və onunla da bitiririk. Təsis etdiyi "FAB BOYA”-nın üzərində daim günəş kimi hərarətini, günəş kimi işığını hiss edirik Səfər Əliyevin...


Allah rəhmət eləsin, ruhunuz şad olsun, əzizimiz Səfər dayı!


Köməkçilərimiz

360 görüntü - virtual gəzinti

Sual-cavab

ustalarameslehet