ADİU-nun müəllim və tələbə heyəti üçün növbəti Tanıtım Seminar proqramı

"FAB Boya və Kimya Sənayesi" MMC respublikamızın müxtəlif ali təhsil ocaqlarında təhsil alan tələbələri vaxtaşırı özünün fəaliyyəti ilə tanış edir, gənclərə gələcəkdə peşə seçimində yardımçı olmaq məqsədilə tanıtım-seminar proqramlarını həyata keçirir. Əsası şirkətimizin qurucusu mərhum Səfər Əliyev tərəfindən qoyulmuş bu seminar proqramları artıq ənənə şəklini almış və biz hər seminar proqramını Səfər Əliyevin əziz xatirəsinə ithaf edirik.
Cari ilin aprel ayında şirkətimiz Azərbaycan Dövlət İqtisad Universitetinin tələbə-müəllim heyətindən bir qrup üzvləri üçün tanıtım-seminar layihəsini reallaşdırdı. Ənənmizə sadiq qalaraq, 2015-ci ilin oktyabr ayında bir daha Azərbaycan Dövlət İqtisad Universitetinin bir qrup nümayəndəsi üçün seminar proqramı təşkil olundu. Layihəyə ADİU-nun "Karyera" mərkəzinin əməkdaşı Amil Həsənov, universitetin Texnologiya və Dizayn fakültəsinin Dizayn kafedrasının müdiri Lalə Məmmədova, Marketinq kafedrasımım dosenti Leyla Hacıyeva, Marketinq və Kommunikasiya departamentinin əməkdaşı Məmmədov Ramil, habelə ADİU-nun Texnologiya və Dizayn, Biznes, Kommersiya, Marketinq, Əmtəəşünaslıq, Beynəlxalq İqtisadi Münasibətlər, Standartlaşdırılma və Sertifikat fakültələrindən bir qrup tələbə də qatıldı.
"FAB Boya və Kimya Sənayesi" MMC-nin direktoru Kənan Məhərrəmov qonaqları şirkətimiz adından salamladı və onları şirkətdə baş verən istehsal prosesləri və yeniliklərlə yaxından tanış olmağa dəvət etdi. Seminar iştirakçıları şirkətimizin bütün bölmələrində gedən istehsal prosesləri ilə - kafel və keramika yapışdırıcılarının, elektrik məhsullarının və plastik boruların, boya və s. tanış istehsalı ilə, habelə, hazır məhsulun depolanması və dağıtımı prosesləri ilə tanış oldular. Şirkətin "FAB AKADEMİYASI"-nın nəzdində fəaliyyət göstərən Keyfiyyətə Nəzarət Laboratoriyaları ilə tanışlıq, habelə bu laboratoriyada rənglərin alınması təcrübəsinin həyata keçirilməsi prosesi tələbələrin böyük marağına səbəb oldu. Sonra qonaqlar konfrans zalına keçərək "FAB Boya və Kimya Sənayesi" MMC-nin tarixinə həsr olunmuş qısametrajlı roliki izlədilər.
Sonra seminarın aparıcısı tələbələrin çoxsaylı suallarını cavablandırdı. Ardından İqtisad Universitetinin "Karyera" Mərkəzinin əməkdaşı Amil Həsənov şirkətimizin iş fəaliyyətindən məmnun qaldıqlarını bildirərək, tələbələr adından şirkət rəhbərliyinə və tanıtım-seminar proqramının təşkilatçılarına bu layihəyə dəvət olunduqları üçün öz təşəkkürünü bildirdi. ADİU-nun müəllim və tələbə heyəti, həmçinin, zavodda müəssisəmizin əməkdaşları uçün qurulmuş təhlükəsiz və sağlam əmək şəraitindən, onların daha faydalı və məhsuldar işləmələri üçün geniş imkanların yaradılmasından, o cümlədən, əməkdaşların asudə vaxtlarının səmərəli və sağlam şəkildə təşkil olunmasından məmnun qaldıqlarını bildirdilər. Nahar fasiləsində qonaqlar süfrə arxasına dəvət olundular. Seminar-tanıtım proqramı xatirə hədiyyələrinin və Sertifikatların təqdim olunması ilə başa çatdı, görüş xatirə şəkillərinə həkk olundu. Qonaqlar "FAB Boya və Kimya Sənayesi" MMC əməkdaşlarına öz təşəkkürlərini və xoş arzularını bildirərək, şirkətdən ayrıldılar. Biz də öz növbəmizdə, "FAB Boya və Kimya Sənayesi" MMC adından ADİU-nun tələbə və əməkdaş heyətinə şəxsi həyatlarında, təhsillərində və işlərində müvəffəqiyyətlər arzulayırıq. Gələn görüşlərədək...